Son günlər əmlak və torpaq vergilərinin yığılması ilə bağlı yaranan problemlərin aradan qaldırlması məqsədi ilə bələdiyyələrin məhkəməyə müraciət etdiyi deyilir. Belə bir qərarın bələdiyyələr tərəfindən verilməsi nə qədər qanunauyğundur?
Bu və digər məqamlara ədliyyə Nazirliyinin Bələdiyyələrlə iş mərkəzinin aparıcı məsləhətçisi Bahadur Kərimov aydınlıq gətirir:
- Bələdiyyələrlə iş mərkəzi tərəfindən bələdiyyə qərarlarının icrası ilə bağlı qanunvericiliyin düzgün tətbiq olunmadığı, bəzi hallarda isə pul tələbi ilə bağlı qərar qəbul edilməsi üçün məhkəmələrə müraciət edildiyi müəyyən edilmişdir.
“inzibati icraat haqqında” Qanunun 82.1-ci maddəsində pul tələblərinin ödənilməsi ilə bağlı inzibati aktların “icra haqqında” Qanuna uyğun olaraq icra məmurları tərəfindən icra edilməsi nəzərdə tutulmuşdur. Həmin Qanunun 82.2-ci maddəsinə əsasən inzibati aktı qəbul etmiş inzibati orqan tələbin icraya yönəldilməsi haqqında qərar qəbul edir və bu halda tələbin icraya yönəldilməsi üçün məhkəmə qərarının qəbul edilməsi tələb olunmur. “icra haqqında” Qanunun 6.1-ci və 6.1.8-ci maddələrinə uyğun olaraq bələdiyyələr tərəfindən qəbul edilmiş inzibati aktlar və digər inzibati orqanların pul tələblərinin ödənilməsi ilə bağlı inzibati aktları icra sənədləri sayılır.
Eyni zamanda, tələbin icraya yönəldilməsi haqqında qərar birmənalı şəkildə hansı tələbin (məbləğ, forma, müddət) irəli sürüldüyünü əks etdirməlidir. Bu qərar özü müstəqil olaraq inzibati akt hesab edilir və ona qarşı müstəqil qaydada inzibati şikayət və inzibati icraat (mübahisələndirici) qaldırıla bilər. Bu qərarın qüvvəyə minməsindən ötrü inzibati akt üçün irəli sürülən tələb, yəni borcluya məlumat verilməsi (inzibati aktın rəsmi qaydada çatdırılması) vacibdir.
Qanunun 82.3-cü maddəsində tələbin icraya yönəldilməsi haqqında qərarın qəbul edilməsinin aşağıdakı şərtləri müəyyən edilmişdir.
- borclu tərəfindən ən azı 10 gün ərzində pul tələblərinin ödənilməsini nəzərdə tutan inzibati aktın qəbul edilmiş olması;
- pul tələblərinin ödənilməsi üçün müəyyən olmuş icra müddətinin bitməsi;
- inzibati orqan tərəfindən borcluya edilmiş xəbərdarlıqdan sonra, xəbərdarlığın elan olunduğu gündən sonrakı 10 gün müddətində borclunun ödəməni həyata keçirməməsi.
Qeyd edilməlidir ki, pul tələbinin icraya yönəldilməsi üçün inzibatı akt göstərilən şərtlərə uyğun qəbul edilməlidir və yalnız bu şərtlərin hamısı mövcud olduqda məcburi icra təmin edilə bilər. inzibati aktın maraqlı şəxsə münasibətdə hüquqi qüvvəyə malik olması üçün bu barədə maraqlı şəxsə məlumatın verilməsi əsas şərtdir.
Yuxarıda qeyd edilənlərdən belə qənaətə gəlmək olar ki, bələdiyyələr pul tələbləri ilə bağlı inzibati aktların məhkəmədən kənar qaydada məcburi icraya yönəldilməsinə üstünlük verməlidirlər. Bələdiyyələrlə iş Mərkəzi tərəfindən bu məqamla bağlı hələ 2013-cü ildə bələdiyyələrə tövisiyə verilmişdir.
Belediyye.info